Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qazandığı aprel qələbəsindən 6 il ötür. 2016-cı ilin aprelin 1-dən 5-dək davam edən 4 günlük döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri bir sıra strateji mövqeləri, o cümlədən, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamağa imkan verən Lələ Təpə yüksəkliyini işğaldan azad edib. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 hərbçisi öldürülüb, 500-dən artıq hərbçisi isə yaralanıb. Ümumilikdə, aprel döyüşlərinin yekunu olaraq Azərbaycan Ordusu tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edilib. Aprel qələbəsi Ermənistanın yaratmağa çalışdığı “məğlubedilməz ordu” mifini darmadağın edib. Döyüşlər nəticəsində əldə edilən strateji mövqelərin 2020-ci ildə 44-günlük Vətən müharibəsində də müstəsna rolu olub. Müzəffər Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edib.